Onlayn Xidmətlər Sosial Layihələr StartUp Aktiv Turizm
Beynəlxalq iqtisadi təcrübə göstərir ki, turizm ölkənin iqtisadiyyatına təsir göstərən aparıcı qüvvələrdən biridir. Bu sahə əməktutumlu fəaliyyət növü olduğundan, dövlət büdcəsinin formalaşmasında, ölkədə əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır, infrastrukturun, yerli sənayenin və xalq yaradıcılıq nümunələrinin inkişafına, tarixi abidələrin qorunub saxlanılmasına şərait yaradır.

Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə turizm üçün əlverişli məkanlardan biridir. Yüksək dağ zirvələri, əlverişli mikroiqlim, mineral və termal su mənbələri, qumlu dəniz sahilləri, təbii abidələrin mövcudluğu ilin istənilən vaxtı Azərbaycana turistləri cəlb edən əsas amillərdən biri kimi hesab edilir. Xüsusilə qeyd edək ki, Azərbaycan ərazisinin 65%-nin dağlıq və dağətəyi bölgələrdən ibarət olması aktiv turizmin müxtəlif növlərinin inkişafına şərait yaradır. Ümumilikdə, Böyük və Kiçik Qafqaz dağlarında dağçılıq, alpinizm, qayayadırmanma, hiking-trekking və kənd turizmi kimi aktiv turizm növlərinin inkişafı üçün geniş imkanlar vardır.

Biz də KIT Group olaraq, Azərbaycanda daxili turizmin inkişafı üçün var olan imkanları istifadə edərək, yerli turistlərlə yanaşı xarici turistlərin də ölkəmizdə yaratdığımız aktiv turizm sahələrinə cəlb olunması üçün fəaliyyətimizi genişlətməkdəyik. Şirkətimizin turizm sahəsində əsas hədəfi, Azərbaycanda inkişaf imkanları daha böyük olan aktiv turizm növlərini daha mütəşəkkil şəkildə, elmi yanaşmalarla təqdim etməkdir. Bu məqsədlə biz, yerli və xarici turistlərin yüksək səviyyədə istirahətini təmin etmək, onların ətraf mühit və mədəni-tarixi irsimiz, eləcə də turizm bölgələrimiz haqqında biliklərini zənginləşdirmək üçün müxtəlif layihələrə start vermişik.

Turizmin bu növü Azərbaycanın turizm bazarı üçün kifayət qədər yeni sahədir. Respublikamızın müxtəlif bölgələrində infrastrukturun yaxşılaşdırılması aktiv turizmin inkişafına müsbət təsir göstərməkdədir. Azərbaycanda turizmin inkişafı üçün nəinki dövlət, eyni zamanda özəl sektorlar da öz töhvəsini verməlidir.

Biz yeni ideyalar və tərəfdaşlıq təklifləri üçün hər zaman açığıq. Əlaqə: Tel: (012)562-90-60; (055)310-90-71; email: travel@kitgroup.az; office@kitgroup.az