Şirkətlər qrupu

ISO 9001:2015
Xəbərlər

“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!”

27-Nov-2020

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin od-alovlarından keçərək qalibiyyət bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə görüşlər keçirilib, onların qarşısında incəsənət ustalarının çıxışları təşkil olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
İşğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində “Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında keçirilən vətənpərvərlik tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qırx dörd günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan, ordu ilə xalqın sağlam mənəvi birliyindən, döyüşlərdə yeni tarix yazan qüdrətli Sərkərdəmizin və mərd oğullarımızın fədakarlıqlarından iftixarla söhbət açıb.
Respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Cahangir Qurbanov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun iştirakı ilə Ali Baş Komandanı, müzəffər Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.
Bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə yazdığı “Qələbəyə gedən yollar”, “Qalib Sərkərdə”, “Müzəffər Ordumuz”, “Qələbə müjdəsi”, “Biz gəlmişik, Qarabağ” mahnılarını döyüşçülər alqışlarla qarşılayıblar.
Şuşada klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, böyük sənətkarımız Bülbülün ev muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məzarı, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub.
Bülbülün ata ocağında iməcilik keçirilib. Bülbülün repertuarından “Sənsiz”, “Sevgili canan” romansları və “Koroğlu” operasından parçalar ifa edilib.
Tədbirin təşkilatçıları əminliklə bildiriblər ki, xalqımızın xilaskar oğlu, qalib sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün bölgələrimizdə, o cümlədən Şuşada tezliklə böyük quruculuq işləri aparılacaq, köçkünlər öz doğma yaşayış məntəqələrinə qayıdacaq, Azərbaycan əsgəri bundan sonra da əzəli və əbədi torpaqlarımızın müdafiəsində mərdliklə dayanacaqdır.
Vətənpərvərlik tədbirləri Ağdam, Laçın və Kəlbəcər rayonlarında davam etdiriləcək.

Digər Xəbərlər